Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Əzəmi Əli oğlunun xatirəsi ehtiramla yad edildi

08 oktyabr 2022 | 15:31
II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şuşa şəhər sakini Hüseynov Əzəmi Əli oğlunun şəhadətə qovuşduğu gündə onun əziz xatirəsi Mingəçevir şəhər şəhidlər xiyabanında məzarı qarşısında yad edildi.
Anım mərasimində ziyalılar, qazilər, şəhidin döyüş yoldaşları iştirak etmişlər. Çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Əzəmi və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı, onların xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağı qeyd etdilər.
Hüseynov Əzəmi Əli oğlu 29 avqust 1992-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1999-cu ildə Mingəçevir şəhərində R.Qəhrəmanov adına 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir.
2010-cu ildə Mingəçevir Dövlət Universitetinin “Energetika” fakültəsinə qəbul olub, 2014-cü ildə bitirmişdir.
2014-cü ildə Hacıqabulda Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. 2015-ci ildə hərbi xidmətini layiqli şəkildə yerinə yetirmiş, daha sonra 2016-cı ilin may ayında Zaqatala Xüsusi Təyinatlıda hərbi xidmətinə davam etmişdir. 3 illik layiqli xidmətini Sanitar-təlimatçı və Baş çavuş kimi başa vurmuşdur.Tovuz döyüşlərində igidlik nümayiş etdirən Hüseynov Əzəmi Əli oğlu sentyabrın 27-dən Vətən müharibədə iştirak etmiş və oktyabrın 8-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Hüseynov Əzəmi Əli oğlu ölümündən sonra “Vətən uğrunda”,"Suqovuşan uğrunda," "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. “Mingəçevir şəhər qəbirstanlığı”nda dəfn olunmuşdur.
Ailəli idi.
Allah rəhmət eləsin!
Keçidlər