Şəhid Hüseynov Əzəminin adını daşıyan sinif
18 aprel 2023 | 14:01
Şəhid Hüseynov Əzəminin adını daşıyan sinif
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği istiqamətində Şuşa rayonu üzrə məqsədyönlü işlər görülür. Şuşa rayon Malıbəyli kənd tam orta məktəbdə 2-ci sinif otaqlarından birinə sentyabrın 27-dən Vətən müharibədə iştirak etmiş və oktyabrın 8-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış şəhid Hüseynov Əzəmi Əli oğlunun adı verildi. Bunula bağlı olaraq keçirilən tədbirdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ələkbərov Elxan, Malıbəyli kənd tam orta məktəbinin direktoru Quliyev Vüqar, şəhidin ailə üzvləri, məktəbin müəllim və şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı Qələbə ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar bu gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği daim diqqət mərkəzində saxlanılır. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ən yüksək səviyyədə hörmət və ehtiram göstərilir, onların ailələri, eləcə də qazilərimiz dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Sinif otaqlarına şəhidlərimizin adlarının verilməsində məqsəd təlim-tərbiyə prosesində hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində şagirdlərdə Vətənə, xalqa məhəbbət hisslərini aşılamaq, Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların xatirəsini yad etmək və yaddaşlarda həkk olunması məqsədilə maarifləndirmə işini gücləndirməkdir.