Şəhid Nurlan Nadir oğlu Həsənovun əziz xatirəsi doğum günündə yad edildi
19 may 2022 –ci il tarixdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhid Nurlan Nadir oğlu Həsənovun doğum günündə onun əziz xatirəsinə həsr olunan anım mərasimi keçirildi.
Anım mərasimdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva, Əkbər Hacıyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, şəhid ailələri, qazilər, müharibə veteranları, şəhidin yaxınları, döyüş yoldaşları, ictimaiət nümayəndələri, müəllimlər iştirak edirdilər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Anım mərasimində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan, şəhidin tarixi ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsindən, Vətən müharibəsində göstərdiyi şücaətdən, qorxmazlığından danışıblar. Sonra şəhid Nurlan Həsənova həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda mahnılar ifa edildi, vətənə, bayrağa, şəhidlərə həsr olunmuş şeir nümunələri səsləndirildi. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsi uca tutulduğuna görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Nurlan Nadir oğlu Həsənov 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub. O, ailənin ilk övladı idi. 1-ci Qarabağ müharibəsindən sonra, öz doğma torpaqlarından didərgin düşmüş və məcburi köçkün kimi Bakıda məskunlaşmışdılar.
1997-ci ildə Bakıda Şuşa şəhər 3 nömrəli tam orta məktəbə daxil olub, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdu. 2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarəetmə“ ixtisası üzrə təhsil almışdı. Nurlan hər zaman vətənpərvərliyi, mərdliyi, əsl kişi xarakteri ilə çoxlarından fərqlənirdi. Nurlan Həsənov 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətli leytenant kimi Gəncədə “N” sayli hərbi hissədə xidmət çəkib və 2014-cü ildə ehtiyyatda olan zabit kimi təxris olunub. Və nəhayət, Nurlan da minlərlə cəsur oğullarımız kimi 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qoşulub, sentyabrın 27-də Ermənistanın işğalı altında olan doğma ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib.
Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə fəal iştirak edən Nurlan: “Ana, məndən narahat olmayın, burda hər şey yaxşıdı, Şuşanı almağa gəlmişəm”- deyirdi.
Oktyabrın 1-də Füzuli istiqamətində qəhrəmancasına şəhid olub.
Oktyabrın 2-də Bakı şəhərində, yaşadığı Biləcəri qəbristanlığında torpağa tapşırılıb.
Nurlanın Nurgül adlı qızı və Məhəmməd adlı oğlu yadigar qalıb.
Qəlbi Şuşa həsrətilə döyünən Şəhidimizin indi müqəddəs ruhu Şuşamızın səmalarını dolaşır.
Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən ogullarımızın ruhları qarşısında baş əyirik!