«Son zəng» tədbirləri Şuşa rayon məktəblərində təntənə ilə keçirildi
Bu gün respublikamızın bütün rayonlarında olduğu kimi, Şuşa rayon ümumtəhsil müəssisələrində «Son zəng» tədbirləri keçirilir. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılmış, bu günün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər. 1 saylı Şuşa şəhər tam orta məktəbində keçirilən tədbirdə iştirak edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən bəhs etdi. Vüsalə Fətəliyeva müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladı. O, ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər barədə ətraflı məlumat verdi, məktəblərin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzuladı. Tədbirdə çıxış edən təhsil şöbəsinin işçiləri,müəllimlər, və məzunlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirdə məzunlarla xatirə şəkilləri çəkdirildi.