Şuşa Dövlət Musiqili Dram Teatrında 20 Yanvar faciəsinin 33 -cü ildönümü ilə əlaqədar anım tədbiri keçirildi
Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33 -cü ildönümü ilə əlaqədar anım tədbiri keçirildi, şəhidlərimizin əziz xatirəsi yad edildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən görkəmli şair və bəstəkarlarımızın əsərlərindən istifadə edilməklə "Yanvarın 20–ci günü” adlı ədəbi – bədii kompozisiya təqdim edildi. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan danışdı, bildirdi ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə böyük cəsarət və xalqına bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış etdi. Ulu öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Vüsalə Fətəliyeva 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunduğunu vurğuladı.