Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Dövlət Musiqili Dram Teatrının sevimli aktrisası Mətanət Əhmədova-Eresin 50 illik yubileyi qeyd olundu

25 yanvar 2026 | 17:41
Şuşa Dövlət Musiqili Dram Teatrıda keçirilən yubiley tədbirini giriş sözü ilə açan Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist Azad Şükürov Mətanət xanımı təbrik etdi və ona Azərbaycan Teatr Xadimləri İttifaqının "Fəxri fərmanını" təqdim etdi. Sonra yubliyarın əsas rollardan birini ifa etdiyi, görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olundu. Tamaşadan sonra çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin İctimai - siyasi və humanitar məsələlər sektorunun müdiri Natiq Mahmudov Şuşa Dövlət Musiqili Dram Teatrının bütün çətinliklərə baxmayaraq 1990-cı ildən bugünə kimi olan uğurlu fəaliyyətindən danışdı, klassik yazıçılarımızın əsərlərində müxtəlif qəhrəmanların obrazlarını böyük ustalıqla canlandıran Şuşa teatrının aktyor və aktrisalarının teatrsevərlərin dərin məhəbbətini qazandığını qeyd etdi. Natiq Mahmudov, Fəxri mədəniyyət işçisi, Şuşa Dövlət Musiqili Dram Teatrının aktisası Mədanət Eresin 50 illik yubileyi və səhnədə canlandırdığı biri-birindən gözəl tarixi azərbaycan qadını obrazlarına görə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərovun adından "Təşəkkürnamə"-ni Mətanət xanıma təqdim etdi. Teatrın baş rejissoru Anar Sadıqov, Teatr Həmkarlar İttifaqı Komitəsinin sədri, Xalq artisti Şükufə Musayeva, Əməkdar artist, Azad Məmmədov, çıxış edərək yubliyara yaradıcılıq uğurları arzuladılar. Mətanət Əhmədova-Eres teatr rəhbərliyinin "Fəxri fərmanı" və Həmkarlar İttifaqı Komitəsinin "Diplomu" ilə mükafatlandırıldı.
Keçidlər