Şuşa Humanitar Kollecdə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir
03 dekabr 2025 | 11:48
03 dekabr 2025-ci il tarixdə Şuşa Humanitar Kollecdə keçirilən tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, “Narkotik vasitələri, psixotrop maddələrin və onların prekursorlarını Məhvetmə Komissiyası”nın katibi Natiq Mahmudov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə Gənclər və İdman sektorunun əmədaşı Zeybək Cəfərov, Şuşa Polis İdarəsinin əməkdaşı, Polis mayoru – Nazim İsgəndərov, Şuşa Humanitar Kollecin direktor müavini Nərmin Hətəmova, kollecin tələbələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov bildirmişdir ki: “Ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi ilk dəfə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanında müəyyən edilmişdir. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üzrə Dövlət Proqramı uğurla icra edilmiş , 2025-2030-cu illər üçün yeni Dövlət Proqramı” təsdiq edilmişdir”. Natiq Mahmudov bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu izah etmək, gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək, onlar arasında sağlam həyat tərzini təbliğ etmək və "Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırmaqdan ibarətdir. Şuşa rayonu üzrə ümumtəhsil müəssisələrində, əhalinin kompakt yaşayış yerlərində gənclərin maarifləndirmə işlərinin davam etdirildiyini diqqətə çatdıran Natiq Mahmudov qeyd etdi ki, tədbirlər planına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyan barədə təbliğat və kompleks profilaktik tədbirlər həyata keçirilmiş, ayrı-ayrı kollektivlərdə dəyirmi masalar təşkil edilmiş və nəticələri sosial şəbəkələrdə işıqlandırılmışdır. Eyni zamanda narkomalıqla bağlı hüquq pozmalara meyilli olan yetkinlik yaşına çatmayanların, yaşayış yerləri, işlədiyi və ya təhsil aldığı inzibati ərazilər üzrə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri arasında əlaqələr genişləndirilmiş və müntəzəm olaraq maarifləndirmə işləri aparılmışdır.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı Zeybək Cəfərov, Şuşa Polis İdarəsinin əməkdaşı Polis mayoru – Nazim İsgəndərov yeniyetmə və Şuşa Humanitar Kollecin direktor müavini Nərmin Hətəmova çıxışlarında gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışmışlar. Narkomaniya ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyətinin önəmini qeyd edərək, ailə, məktəb və cəmiyyətin birgə əməkdaşlığı ilə bu istiqamətdə mühüm rol oynadığını diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, gənclərin narkomaniya kimi sosial bəladan uzaq tutulmasında ailənin nəzarətedici rolu, məktəbin maarifləndirici funksiyası və ətraf mühitin formalaşdırıcı təsiri xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməsi və birgə səylərlə bu təhlükəli meylə qarşı məqsədyönlü mübarizə aparılması zəruridir.
Tədbirdə Narkomanıyanın insan həyatına vurduğu zərərin miqyasından bəhs edən videoçarx nümayiş edilmiş və kollecin tələbələrini maraqlandıran suallar cavablandırılmışdır.






