Şuşa Humanitar Kollecdə "Şuşa ili" çərçivəsində "Şuşa" adlı açıq dərs keçirilmişdir
12 oktyabr 2022 | 15:35
12 Oktyabr 2022-ci il tarixdə Şuşa Humanitar Kollecdə "Şuşa ili" çərçivəsində "Şuşa" adlı açıq dərs keçirilmişdir. Açıq dərs kollecin müəllimi Könül Hüseynova tərəfindən təşkil edilmişdir. Dərsdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, “Şuşa”qəzetinin redaktoru Vasif Quliyev, fəlsəfə elmləri doktoru Yunis Hüseynov, müəllim Rəsul İsmayılov iştirak edirdi. Açıq dərs respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra başladı. Sonra Üzeyir Hacıbəyovun Arazbarı zәrbi muğamı səsləndirildi, Könül Hüseynova Şuşa haqqında qısa məlumat verdi. Kollecin tələbələri müxtəlif mövzularda (Dəbdəbəli şəhər, Məclisi Üns, Muğam sənəti, Şuşa memarlığı, Şuşa ticarəti, Şuşa teatr tamaşaları və s) çıxışlar etdilər. Şuşadan olan elm adamları, dövlət xadimləri , görkəmli şəxslər haqqında məlumat verildi, Şuşanın azad olunması və 44 günlük Şanlı Zəfərimiz haqqında slaydlar nümayiş edildi. Açıq dərsin sonunda çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Şuşa”ili çərçivəsində respublikamızın bütün rayonlarında keçirilən tədbirlərin mədəniyyət tariximizin qorunub saxlanılmasında mühim əhəmiyyət kəsb etdiyini bildirdi, Mədəniyyət Paytaxtımızın Azərbaycan mədəniyyətinə veridiyi töhfələrdən danışdı. Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğma Şuşamız haqqında söylədiyi fikirlər səsləndirildi və Üzeyir Hacıbəyovun "Cəngi" əsəri ilə açıq dərs yekunlaşdırıldı.