Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Humanitar Kolleci və İnşaat Kollecinin birgə təşkilatçılığı ilə “Zəfər, Sənət və Gələcək” adlı tədbir keçirilib

05 noyabr 2026 | 17:15
Şuşa Humanitar Kolleci və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin birgə təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər, Sənət və Gələcək” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində ilk olaraq teatrın foyesində İnşaat Kollecinin tələbələrinin hazırladıqları müxtəlif eksponatlar və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgiyə baxış zamanı Şuşa Humanitar Kollecinin müəllim və tələbələri tərəfindən skripka və pianinoda ifa olunan musiqi nömrələri tədbir iştirakçılarına xüsusi sənət atmosferi yaşadıb.
Daha sonra tədbir teatrın əsas zalında davam edib. Tədbirdə hər iki kollecin şəhid məzunlarının ailə üzvləri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov, Şuşa rayonu üzrə Milli Məclisin deputatı Polad Bülbüloğlu və deputat Elçin Mirzəbəyli, kolleclərin rəhbərlikləri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, Gənclər və İdman Nazirliyinin əməkdaşları, digər təhsil müəssisələrinin rəhbərləri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri, müəllimlər və qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində ilk olaraq Şuşa Humanitar Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Qasımova və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktoru, memarlıq üzrə fəlsəfə doktoru, dosent Şəhla Abbasova çıxış ediblər.
Çıxışlarda Zəfər Gününün Azərbaycan xalqının milli qürur və birlik tarixindəki müstəsna əhəmiyyətindən, Vətən müharibəsində qazanılan tarixi Qələbənin gələcək nəsillər üçün daşıdığı mənəvi dəyərdən, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi xüsusi mövqeyindən və təhsil müəssisələrinin milli-mənəvi dəyərlərin təbliğindəki rolundan bəhs olunub.
Daha sonra şəhid ailələrinə söz verilib. Onlar öz çıxışlarında Vətən uğrunda canından keçən qəhrəman övladların xatirəsini yaşatmağın hər birimizin mənəvi borcu olduğunu vurğulayıb, şəhidlərin göstərdiyi fədakarlığın heç zaman unudulmayacağını bildiriblər.
Tədbirdə, həmçinin Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdıyev, Şuşa rayonu üzrə Milli Məclisin deputatı Polad Bülbüloğlu və deputat Elçin Mirzəbəyli çıxış ediblər.
Natiqlər öz çıxışlarında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əhəmiyyətinə, Şuşanın azadlığının Azərbaycan tarixindəki xüsusi yerinə, milli-mənəvi irsimizin qorunmasına, mədəniyyət və incəsənətin cəmiyyətin inkişafındakı roluna, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyinə toxunublar. Hər bir çıxış Zəfər tariximizə fərqli yanaşma və baxış bucağı ilə yadda qalıb.
Tədbirin rəsmi hissəsindən sonra bədii proqram təqdim olunub. Şuşa Humanitar Kollecinin “Xarıbülbül” ansamblının müşayiəti ilə kollecin müəllim və tələbələri tərəfindən musiqi nömrələri, vokal ifaları və bədii çıxışlar nümayiş etdirilib. Səhnədə təqdim olunan kompozisiyalar Zəfərimizin ruhunu, milli musiqimizin zənginliyini və Şuşanın sənət ənənələrini özündə əks etdirib.
“Zəfər, Sənət və Gələcək” adlı tədbir tarixi Qələbəmizin təbliği, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi, təhsil, memarlıq, musiqi və incəsənət sahələrinin bir araya gətirilməsi baxımından əlamətdar olub.
Tədbir bir daha nümayiş etdirib ki, Zəfər yalnız keçmişimizin qürur mənbəyi deyil, həm də gələcək nəsillərə ötürəcəyimiz milli iradə, birlik və quruculuq amalının təməlidir.
Keçidlər