Şuşa Humanitar Kollecində “Narkomaniyaya qarşı mübarizə: profilaktika, reabilitasiya və cəmiyyətin rolu” mövzusunda panel müzakirəsi təşkil olunub
30 oktyabr 2026 | 16:12
Tədbirin əsas məqsədi gənclər arasında narkomaniyanın fəsadları barədə maarifləndirmə işini gücləndirmək, zərərli vərdişlərin qarşısının alınması yollarını müzakirə etmək və bu istiqamətdə cəmiyyətin rolunu diqqətə çatdırmaq olub.
Panel müzakirəsində Şuşa Rayon İcra Hakimiyyəti Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Qabil Kazımov, psixoloq Asiman Məmmədli, polis kapitanı Səbuhi Məmmədov və Şuşa Humanitar Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Nərmin Hətəmova çıxış ediblər.
Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, onun profilaktikası, asılılıqdan əziyyət çəkən şəxslərin reabilitasiyası, hüquqi məsuliyyət və gənclərin zərərli vərdişlərdən qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tələbələrin də fəal iştirak etdiyi müzakirə zamanı onları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, tədbir çərçivəsində tələbələrə “myGov” mobil tətbiqi və platformasının imkanları, həmçinin tədbir proqramı haqqında ətraflı məlumat verilib və praktiki olaraq nümayiş etdirilib.
Unutmayaq ki, narkomaniyaya qarşı mübarizə yalnız bir qurumun deyil, bütün cəmiyyətin məsuliyyətidir. Sağlam gələcək naminə maariflənək, birlikdə mübarizə aparaq!






