Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda dəyirmi masa keçirilmişdir
22 fevral 2024 | 15:35
2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi haqqında qəbul edilmiş qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev "Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir" deyiminin uzaqgörənliyində, Şuşa Ulu Öndər üçün təkcə yaşayış məkanı yox, azərbaycanlıların milli rəmzi, mədəniyyətimizin, tariximizin simvolu idi. Bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edən, əvvəlki simasını özünə qaytaran Mədəniyyət paytaxtımız ötən il Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülməsi onun tək bizim üçün deyil, türk dünyası və bütün islam aləmi üçün nə qədər böyük əhəmiyyətə malik olduğundan xəbər verir. 2024-cü il ərzində Şuşada İslam Dünyasının Mədəniyyət Forumu, İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransın, İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin və bir çox digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
22 fevral 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Humanitar Kollecində “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Natiq Mahmudov, Şuşa Humanitar Kollecinin direktor müavini Könül Hüseynova, kollecin müəllim və tələbələri iştirak etmişlər.
Tədbirdə Şuşanın təbiəti, tarixi, mədəniyyəti, dini abidələri, işğaldan sonra şəhərin dağıdılmış mənzərəsi, işğaldan azad edilmiş və hal-hazırda sürətlə aparılan bərpa quruculuq işləri ilə bağlı videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Natiq Mahmudov Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində öz tarixi dini abidələri, alimləri ilə əhəmiyyətli rol oynamış Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin heç də təsadüfi olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin Şuşa mədəniyyətinin islam aləmində tanıdılması, digər müsəlman ölkələri ilə bütün sahələri əhatə edən əlaqələrin daha da genişləndirilməsində mühim rol oynacağını bildirən Natiq Mahmudov gənclərin Mədəniyyət paytaxtının tarixi və işğaldan azad olunmuş şəhərimizdə tarixi dini abidələrin bərpası sahəsində görülən işlərin işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılmasında öz töhfələrini verə biləcəyini, şuşalı gənclərin bu işdə daha fəal olmalarının vacibliyini bildirdi.
Daha sonra çıxış edən Könül Hüseynova Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin ölkəmiz üçün tarixi hadisə olduğunu, bu əlamətdar hadisənin islam aləminin Şuşa mədəniyyətinə verdiyi yüksək qiymət kimi dəyərləndirdi.
Tədbirin sonunda kollecin tələbələri ilə diskusiyalar aparıldı, tələbələri maraqlandıran suallar cavablandırıldı.