Şuşa məktəbliləri Memorial Soyqırımı Muzeyini ziyarət ediblər
23 fevral 2024 | 15:06
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şuşa rayon məktəblərinin yuxarı sinif şagirdləri xalqımıza qarşı tarix boyu törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər-deportasiyalar, soyqırımlar, o cümlədən Xocalı qətliamı, eləcə də digər dəhşətli cinayətlər barədə insanlara doğru və dolğun məlumatlar əldə etmək imkanını yaratmaq və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə yaradılmış , Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyini ziyarət etmişlər. Şagirdlər zəngin tarixi sənədlər, fotolar və video matreallar, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondunda erməni qəsbkarlarının törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar əldə etmişlər. Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır.
Həmçinin muzeydə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar verilmişdir.