“Şuşa” qəzeti - 90 il
01 noyabr 2022 | 16:04
Bu gün Şuşa azaddır. 44 günlük müharibədə bizə Qələbə Zəfərini yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ müharibəsinin şanlı tarixi qələbəsindən sonra, Prezidentin Sərəncamı ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşir. Qısa müddətdə Şuşanın yol, su, enerji infrastrukturlarının, bir sıra tarixi memarlıq abidələrin bərpası, məktəb, mehmanxana, xəstəxana, mənzil tikintilərinin aparılması görülən işlərin başlanğıcdır. Bu işlərlə bərabər, “Xarıbülbül” Festivalı, “Vaqif” Poeziya günlərinin təşkili, çox sayda konfransların, görüşlərin keçirilməsi bu şəhərin tarixi əhəmiyyətinə, mədəni – mənəvi dəyərlərinə verilən yüksək qiymətdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ildə Şuşa Mədəniyyət Paytaxtı, 2022-ci il “Şuşa ili ” və Şuşa şəhərinin 270 illik yubileyinin qeyd edilməsi elan edildi. Türksoyun qərarı ilə 2023-cü il Şuşa Türk dünyasının Mədəniyyət paytaxtı elan edildi. Bu Sərəncamlar Şuşanın tarixi və mədəni həyatında böyük əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyev tərəfindən 1977-ci ildə Şuşa şəhəri Tarixi – Memarlıq Qoruğu elan edilmişdir. Şuşanın ictimai, mədəni mühitinə, milli-mənəvi dəyərlərinə olan diqqət H.Əliyevin rəhbərlik illərində də hər zaman mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycan Milli Mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli Mətbuatın tarixində Şuşanın görkəmli şəxsiyyətlərinin böyük rolu olmuşdur. Müxtəlif zamanlarda Mirzə Adığözəl bəy Qarabağinin, Mir Möhsün Nəvvabın, Firudun bəy Köçərlinin, Üzeyir Hacıbəylinin, Əhməd bəy Ağaoğlunun, Firudun Şuşinskinin və başqalarının publisistikasında cəmiyyətdə gedən proseslər dolğun və düzgün qiymətləndirilmişdir. XXI əsrin sonlarında Şuşada mətbəələr açılmışdır, kitablar nəşr edilib, əhali arasında yayılırdı. Bu işlərdə dövrün tanınmış alimi, ədibi, şairi, müsiqişünası və xəttatı Mir Möhsün Nəvvab Qarabaği fəal iştirak edir. İlk litoqrafiyanın bünövrəsini qoyan Nəvvab daş basma üsulu ilə çap işlərinin aparılmasını təşkil edirdi. Mir Möhsün Nəvvab Yuxarı Gövhər Ağa məscidinin həyətindəki birmərtəbəli binada qiraətxana kitabxana açmış, buraya Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Qafqaz”, Hindistandan “Həblül-mətin”, Bağçasaraydan “Tərcüman” qəzetlərini, İstanbuldan,Tehrandan, Moskvadan, Peterburqdan başqa qəzet və jurnalları gətirmişdir. Əbdülkərim bəy Ağayev, Cəlil Məmməd Quluzadə, Yusif Vəzir Çəmənzəminli, Fərhad Ağazadə və dövrün onlarla ziyalıları vaxtaşırı bura toplaşarmış. 1911-1914-cü illərdə Şuşada “Şuşinski listok”, 1913-cü ildə “Şuşinskaya jizn”, 1919-cu ildə “Qarabağ” qəzetləri nəşr edilmişdir.
1969-cu ildən “Şuşa” adı ilə dərc olunan qəzet 1932-1938-ci illərdə “Sosializm maldarlığı”, 1938-1963-cü illərdə “Kolxoz bayrağı”, 1963-1965-ci illərdə “Şuşa kurortu” adı ilə çıxmışdır. Şuşa Rayon İcra Hakimiyyətinin orqanı olan “Şuşa” qəzeti 60 il Şuşada, 30 il Bakıda fasiləsiz dərc olunub.
Qəzet rayonun siyasi, iqtisadi, mədəni xəbərlərini dərc edirdi. “Şuşa” qəzetinə 20 nəfərdən çox redaktor rəhbərlik etmişdir. Qəzetin səhifələrində “Müxbirlərin səsi”, ”Müxbirlərimiz yazırlar”, ”Müxbir siqnalları”, “Xarici xəbərlər”, “Cəbhədən məktub”, ”Görkəmli insanlarımız” adlı rubrikalar altında məqalələr yazılmışdır. 2005-ci ildən qəzetə tədqiqatçı-jurnalist Vasif Quliyev redaktorluq edir. Vasif müəllim Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuduğu gündən bu günə kimi öz tədqiqatlarını davam etdirir. Moskvanın, Tbilisinin, Bakının arxivlərində Qarabağ Xanı və ailə üzvləri, görkəmli şəxsiyyətlər haqqında yazılan sənədli romanlar Şuşa jurnalistika tarixinə dəyərli töhfələr verir.
“Şuşa” qəzetinin 90 illik yubileyi Mətbuat Şurası və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Media Agentliyinin şöbə müdiri Natiq Məmmədli, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Elm və Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, Milli Məclisin üzvü Elman Məmmədov, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, “Qarabağa aparan yol” qəzetinin redaktoru Əli Mahmud, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, “Şuşa” qəzetinin redaktou Vasif Quliyev Şuşanın 90 il fasiləsiz dərc edilən qəzetinin tarixi, görkəmli insanları haqqında çıxışlar etmişlər. “Şuşa” qəzetinin redaksiyasını Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev diplom və xarici dillərdə nəşr olunan Qarabağ həqiqətlərinə həsr edilən kitablarla, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Fəxri Fərman və qiymətli hədiyyə ilə, Mətbuat Şurasının sədri Rəşad Məcid diplomla mükafatlandırmışdır.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Əməkdar artisti Anar Şuşalının bəstələdiyi “Şuşa Balladası”, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında səslənən şeirlər, Şuşa Humanitar Kollecinin müəllim və tələbələrinin musiqi nömrələri, “Təbəssüm” rəqs qrupunun “Şuşanın dağları” rəqsi alqışlarla qarşılanmışdır.
Tədbir musiqiçilərin ifasında “Qarabağ şikəstəsi” ilə yekunlaşmışdır.