“ "Şuşa" qəzetinin Qarabağ bölgəsinin mədəniyyətinin, ədəbi mühitinin və tarixinin yaşadılmasında rolu” mövzusunda dəyirmi masa keçirilmişdir
Milli mətbuatının yaranmasının 151-ci ilində 22 iyul tarixində Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, gənc jurnalistlərin iştirakı ilə dəyərli tədqiqatçı-jurnalist Vasif Quliyev ilə “Şuşa” qəzetinin yerşdiyi binada “ "Şuşa" qəzeti Qarabağ bölgəsinin mədəniyyətinin, ədəbi mühitinin və tarixinin yaşadılmasında rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. “Şuşa” qəzetinin redaktoru, Şuşa və ümumən Qarabağ tarixi barədə 50 ildən artıq bir müddətdir ki, zəngin fəaliyyəti ilə, geniş ensiklopedik təfəkkürə malik olan tədqiqatçı-jurnalist Vasif Quliyevin yazdığı kitabları Qarabağ tarixinin, mədəniyyətinin öyrənilməsi və qorunmasında böyük əhəmiyyətə malikdir. Vasif Quliyevin yaradıcılıq fəaliyyətindən ətraflı danışan dəyirmi masa iştirakçıları Qarabağda yetişmiş tarixi şəxsiyyətlərin, ailələrin, nəsillərin, şəcərələrin, konkret tarixi hadisələrin, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi olduğunu və onun fəaliyyətinin yetişməkdə olan tədqiqatçı-jurnalistlər üçün bir örnək olduğunu diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, “Şuşa” qəzeti təkcə şəhər həyatının deyil, ümumən Qarabağla bağlı tarixi həqiqətlərin işıqlandırılmasında mühüm rol oynamış, geniş maarifçilik işi aparmış, dövlətçilik irsimizin təbliğinə, ədəbi-mədəni ənənələrimizin zənginləşməsinə töhfələr vermiş və indi də bu vacib missiyanı davam etdirir. Qəzetə 2005-ci ildən “Canlı Şuşa ensiklopediyası” adı ilə tanınan, bütün varlığı ilə bu müqəddəs diyarımıza bağlı olan tədqiqatçı jurnalist, publisist və tərcüməçi Vasif Quliyevin rəhbərlik etdiyini deyən natiqlər ona gələcək fəaliyyətində uğurlar arzulamışlar.






