Şuşa rayon əhalisi ilə səyyar görüş-qəbul keçirildi
17.03.2023 -cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Abşeron rayonu, Xırdalan şəhər Mədəniyyət evində Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq Novruz bayramı münasibətilə Şuşa rayon sakinlərini təbrik etdi, onlara işlərində uğurlar arzuladı. RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti- quruculuq işləri, “Böyük Qayıdış” planına əsasən əhalinin yaxın gələcəkdə öz doğma torpaqlarına köçürülməsi, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə müraciət edən vətəndaşların arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.