Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir

16 yanvar 2026 | 17:14
16.01.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir. İclasda Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov, Milli Məclisin deputatı Polad Bülbüloğlu, Yap Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi bəzi fikirləri hesabat yığıncağının iştirakçılarının nəzərinə çatdıraraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan mediasına ötən ilin yekunlarına dair verdiyi müsahibəsi dövlətimiz və xalqımız üçün görülmüş işlərin real sübutudur. Cənab Prezidentin vurğuladığı kimi keçən ili ölkəmiz, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar, bundan sonra da Azərbaycan xalqı sülh şəraitində yaşayacaqdır. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurulmuşdur. Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi və bu il çərçivəsində rayonda sosial-iqtisadi, ictimai-siyasi, kənd təsərrüfatı, və digər sahələrdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmış, 2025-ci ildə Şuşa Zəfərinin 5 illik yubiley ilini yaşadığımızı, bu Qələbə Zəfərinin Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Milli ordunun, mərd oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi ilə qazanıldığını, 44 günlük müharibə, 23 saatlıq lokal antiterror əməliyyatının Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini nəzərə çatdırmışdır. İcra başçısı yerli icra hakimiyyətlərinin Əsasnaməsinə, Prezident Administrasiyasının tapşırıqlarına, müvafiq icra hakimiyyətlərinin göstərişlərinə uyğun olaraq qarşıdakı illərdə də Şuşa rayonunun sosial, iqtisadi, ictimai, siyasi həyatının qanunlara uyğun idarə olunmasına nəzarət ediləcəyini, “Böyük Qayıdış Proqramı”nın həyata keçirilməsini fəaliyyətimizin prioritet məsələsi kimi qəbul edəcəyimizi nəzərə çatdırmışdır.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatlar və ölkənin qarşısında duran yeni hədəflər barədə ətraflı məlumat verərək, rayonun gələcək fəaliyyətinə dair prioritet istiqamətləri xüsusi olaraq qeyd etmişdir.
Milli Məclisin deputatı Polad Bülbüloğlu çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşanın füsunkar şəhərə çevrilməsi, şəhərdə gedən böyük bərpa-quruculuq işləri, tarixi abidələrin, məscidlərin, muzeylərin və yaşayış binalarının tikintisi, nəqliyyat infrastrukturu, enerji, su və rabitə sistemlərinin yenilənməsi, əhalinin mərhələli şəkildə köçürülməsi, sosial obyektlərin tikintisi barədə yiğıncaq iştirakçılrına geniş məlumat vermişdir.
Yap Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa rayon prokurorunun köməkçisi Gülşən Şəfiyeva, Vətən müharibəsi qazisi, I qrup əlil, Heydər Əliyev adına Ali Hərbi məktəbin məzunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti, baş leytenant Hüseyn Ələkbərli, ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən söz açmış və Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işlərindən danışmışlar. Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçisi Ülviyyə Bağırova yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətin mətnini iştirakçıların diqqətinə çatdırmışdır.
Tədbirin sonunda Şuşa Uşaq-Gənclər İdman Məktəbinin Azərbaycan çempionatında yüksək nəticələr əldə etmiş bir qrup qızıl medal qazanmış idmançılarına Şuşa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.
Keçidlər