Şuşa Rayon İcra Hakimiyyəti başçısının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Qaranquş" sanatoriyasında məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi
08 iyul 2023 | 17:03
Şuşa Rayon İcra Hakimiyyəti başçısının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Qaranquş" sanatoriyasında məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi
Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşmalı olduqlarının vacibliyini örnək göstərir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin iş üslubuna çevrilib. Eyni zamanda ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 58 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Şuşa Rayon İcra Hakimiyyəti başçısının 08 iyul tarixində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Qaranquş" sanatoriyasında məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşmanın əhali tərəfindən təqdir olunuğunu bildirdi. Rayon rəhbəri işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb.
Səyyar qəbulda sakinlərin müraciətləri və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.