Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti tədbir keçirmişdir

15 mart 2024 | 17:20

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 2023-cü ildə Respublikamızda aparılan uğurlu islahatlardan, Şuşadakı abadlıq, quruculuq, bərpa işlərindən, Ümummilli Liderin Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməllər yaratmasından danışdı. Bayram Səfərov bildirdi ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq regionun lider dövlətinə, etibarlı və perspektivli tərəfdaşa çevrilib. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu qələbə Azərbaycanın dövlətçilik və müharibə tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Rayon rəhbəri “Novruz bayramı” münasibətilə tədbir iştirakçılarını təbrik edib, məsul işlərində onlara uğurlar arzuladı.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının  müavini Vüsalə Fətəliyeva öz çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. İl boyu rayon üzrə müxtəlif mövzularda tədbirlər təşkil edilmişdir. Şuşa rayonundan 3 nəfər - Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, YAP Şuşa rayon Təşkilatının sədri Təvəkkül Əliyev, şuşalı rəssam Rövşən Bayramov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüblər. Yubiley medalı onun əsasnaməsi haqqında ətraflı məlumat verən Vüsalə Fətəliyeva bildirdi ki, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”yə əsasən, yubiley medalı ilə Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə, dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə, azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə, sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə, dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə, həmçinin ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə, dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif oluna bilərlər.”

Vüsalə Fətəliyeva qeyd etdi ki, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan İstehlak Cəmiyyətinin üzvü  olmaqla yanaşı, Şuşa rayon İstehlak Cəmiyyətinin sədri, uzun illər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (”AZAL”) çalışıb. 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2009-cu il iyunun 5-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri seçilmiş və 2018-ci ilin dekabr ayına qədər həmin vəzifədə fəaliyyət göstərmişdir. 5-6 iyul 2011-ci il tarixdə Bakıda keçirilmiş Dünya azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına üzv seçilmişdir. 17 mart 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Bayram Əsəd oğlu Səfərovu “Şöhrət” ordeni ilə təltif etmişdir.  Bayram SəfərovAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə də təltif edilmişdir. Bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bayram Əsəd oğlu Səfərovu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmişdir.

YAP Şuşa rayon Təşkilatının sədri Təvəkkül Əliyev 2008-ci ildən Şuşa rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. 3 oktyabr 2011-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Şuşanın təhsli sisteminin inkişafına öz layiqli töhfələrini verən Təvəkkül Əliyevin yüzlərlə gəncin təlim-tərbiyəsində, təhsilində önəmli rolu olub. Təvəkkül Əliyev YAP Şuşa rayon Təşkilatının sədri kimi öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə, eləcə də rayon təşkilatının illik fəaliyyət planlarına uyğun qurmağa çalışıb, daim Partiyanın sıralarının genişlənməsində fəal mövqe göstərib. Bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təvəkkül Əliyevi “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmişdir.

1987-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olan Rövşən Bayramov 2013-cü ildə Fəxri Mədəniyyət işçisi döş nişanına layiq görülüb. “Gövhər Ağa məscidi”, “Xan qızı bulağı”, “Gəncə qapısı”, “Vaqifin məqbərəsi”, “Bulaq başında”, “Xarıbülbül”, “Qala divarları”, “Zöhrabbəyovların mülkü”, “Misgər”, “Qədim qablar”, “Haray” və başqa  əsərləri Rövşən Bayramovun doğma yurdumuza, Şuşaya olan sonsuz sevgisinin təzahürüdür. Onun əsərləri dünyanın bir çox ölkələrinin sərgi salonlarında nümayiş etdirilib. 30 il Şuşanın məhəllələri, abidələri, təbiəti mövzusunda olan əsərləri həmişə böyük maraqla qarşılanmışdır. Bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rövşən Bayramovu  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmişdir.

Şuşa rayonunun ictimai-siyasi həyatında Ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsində səmərəli fəaliyyət göstərən hər üç şəxs haqqında göstərilən videoçarx maraqla qarşılandı.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, YAP Şuşa rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Rəssam Rövşən Bayramov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Şuşanın görkəmli ziyalılarından tarix elmləri üzrə fəlsəfə doktoru Yunis Hüseynov, Şuşa Rayon İcra Hakimiyyətinin  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülbəniz Babayeva, 122 saylı Xankəndi Seçki Dairəsinin sədri Mədinə Abbasova, Şuşa Mərkəzi Kitabxana Sisteminin direktoru, Əməkdar Mədəniyyət işçisi Gülsarə Abbasova təbrik sözlərini dedilər.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs Şuşa Rayon İcra Hakimiyyətinin, YAP Şuşa rayon Təşkilatının “Fəxri Fərman”ları və “Təşəkkürnamə”  ilə təltif edildilər.

Keçidlər