Şuşa Rayon İcra Hakimiyyətində “23 iyun - Dövlət Qulluqçularının peşə bayramı“ qeyd olundu
23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilməsi qərara alınıb.
İyunun 23-də Dövlət Qulluqçularının peşə bayramı Şuşa Rayon İcra Hakimiyyətində qeyd olundu. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, RİH başçısının müavini Vüsalə Fətəliyeva, Aparatın məsul əməkdaşları iştirak etdilər. RİH başçısı dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara öz fəaliyyətlərində uğurlar arzuladı, bildirdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasəti cənab İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. Milli dövlət quruculuğu istiqamətində müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.
Digər çıxış edənlər dövlət qulluğu sahəsində çalışmağın şərəfli və məsuliyyətli bir iş olduğunu qeyd etdilər. Bildirdilər ki, yalnız yüksək peşəkarlıqla, dərin biliklə, yaradıcı düşüncə tərzi ilə, ən başlıcası Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür.
“23 iyun - Dövlət Qulluqçularının peşə bayramı“ münasibətilə rayonumuzun dövlət qulluqçularını təbrik edir, işlərində uğurlar arzulayırıq. Bayramınız mübarək!