Şuşa Rayon İcra Hakimiyyətində dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasına həsr olunmuş maarifləndirici tədbir keçirildi
01 Avqust 2022-ci il tarixdə Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2013-cü il tarixli, 2837 №li Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda icrası nəzərdə tutulan dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili bəndinin icrası ilə bağlı maarifləndirici tədbir keçirildi. “01 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü”nə təsadüf edən tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək bildirdi ki, Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi ulu öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur. Bu şərəfli tarixi yolun başlanğıcı hələ 1970-ci ildə BDU-nun 50 illik yubileyində o dövr üçün, kommunist rejimi üçün fövqəladə hadisə sayılan respublika rəhbərinin Azərbaycan dilində çıxışı ilə başlandı. Bu tarixi çıxış ziyalılara, bütün xalqa respublika rəhbərinin Azərbaycan dilinə qayğı və ehtiramı haqda bir xəbərdarlıq idi ki, bu proses sonralar milli özünüdərkdə müstəsna rol oynadı. Az keçmədi ki, Azərbaycan dili nüfuzlu məclislərə, dövlət əhəmiyyətli tədbirlərə yol açdı, Heydər Əliyevin qayğısı sayəsində ali məktəblər üçün dördcildlik "Müasir Azərbaycan dili" dərsliyinə, "Azərbaycan dilinin dialektologiyasının əsasları" dərs vəsaitinə respublika Dövlət mükafatları verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı artırıldı, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı. Çıxış edənlər dilimizin saflığının qorunmasının və özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin hazırda aktual məsələlərdən olduğundan və dilin yad ünsürlərdən qorumağın vacibliyindən bəhs etdilər. Bununla yanaşı, çıxışlarda Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin 18 iyul 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və 9 avqust 2001-ci il tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanları, Ümummilli liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı və 01 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanların bu gün uğurlu nəticələr verdiyindən danışdılar