Şuşa Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında təlim keçirilmişdir
Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən ”Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın Fəaliyyət Planı"”nın 8.10.1-ci yarımbəndinə uyğun olaraq, 2022-2023-cü illərdə müvafiq tədbirlər həyata keçirilmişdir.
24 iyun 2023-cü il tarixində RİH Başçısı Aparatının, qəsəbə və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası qanunlarının tələblərinə rayonun dövlət qulluğunda çalışan işçilər tərəfindən əməl edilməsinin vəziyyəti barədə təlim keçirilmişdir. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirmişdir ki, 2022-2023-cü illərdə müvafiq olaraq “Dövlət qulluğu”, “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında , dövlət qulluqçuları üçün etika, antikorrupsiya məsələləri ilə bağlı, “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyəti barədə, dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması ilə bağlı müxtəlif təlim və treninqlər keçirilmişdir. «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin müddəalarından irəli gələn tələblərə əməl olunması Şuşa Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanmışdır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğunluğu təhlil edilir, dövlət qulluqçularının etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə fərdi qaydada söhbətlər aparılır, zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir. Keçirilən tədbirlərdə RİH başçısı aparatının məsul işçilərinin, rayonun hüquq-mühafizə orqanları nümayəndələrinin, təcrübəli dövlət qulluqçularının məlumatları dinlənilmiş, müəyyən təhlillər aparılmış, maraq doğuran suallar cavablandırılmışdır.
Dövlət qulluqçuları tərəfindən etik davranış qayda və prinsiplərinə əməl olunması barədə vətəndaşların şikayətetmə imkanları genişləndirilmişdir. Belə ki, Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, hüquq mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarda dövlət qulluqçularının hər hansı neqativ hərəkətləri barədə daxil olan məlumatların qeydiyyata alınmasına və nəzarət orqanlarının vaxtında məlumatlandırılmasına lazımi şərait yaradılmışdır.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq qaydalarına uyğun keçirilən təlim və maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək, etik davranış normaları ilə əlaqədar daxil olan şikayətlərə baxılması, lazım gəldikdə intizam tədbirlərinin tətbiq olunması daim diqqət mərkəzində saxlanılacaqdır.