Şuşa Rayon İcra Hakimiyyətində ”Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələri” və “Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi” mövzularında tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3 və 3.3 bəndlərinin icrası ilə əlaqədar 29 dekabr 2023-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində Aparatın məsul əməkdaşlarının iştirakı ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələri” və “Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi” mövzularında tədbir keçirilib.
Tədbirdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlılığın təmin edilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılmış, təkliflər verilmiş, dövlət qulluqçularının əlavə təhsilə və təlimlərə cəlb edilməsinin vacibliyi vurğulanıb.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirdi ki, dövlət qulluğunun təşkil edilməsi, tənzimlənməsi və idarə olunması idarəetmə sistemi vasitəsilə həyata keçirilir. Dövlət qulluğunun ənənəvi qaydalarına beynəlxalq təcrübələrə əsaslanan innovativ qaydalar tətbiq olunur. Qlobal inkişafın müasir meylləri və beynəlxalq təcrübə yeni modellərə zərurət yaradır, yeni metod və funksiyalar cəmiyyətin təlabatına uyğun formalaşdırılır. Azərbaycan Respublikasının hərtərəfli inkişafı dövlət qulluğunda daha genişmiqyaslı və strukturlu islahatlar yolu ilə dövlət orqanlarının effektivliyinin artırılmasını və dövlət qulluğu sisteminin müəyyən sahələrinin təkmilləşdirilməsini nəzərdə tutan “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyası”nın qəbul edilməsi ilə nəticələnmişdir. Qloballaşma prosesi ilə əlaqədar beynəlxalq dövlət qulluğunun yaranması və beynəlxalq təşkilatların (BMT, Aİ, NATO, ASEAN, MDB kimi təşkilatların) bürokratik aparatının formalaşdırılması, müxtəlif beynəlxalq təşkilatlarla qarşılıqlı münasibələrə görə cavabdeh olan təşkilati strukturların yaranması, milli qanunvericiliyin beynəlxalq müqavilələri nəzərə almaqla dəyişdirilməsi kimi yeni məqamları qeyd etmək lazımdır. V. Fətəliyeva Strategiyanın dövlət qulluğundakı mühüm rolundan ətraflı məlumat verərək dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsi, inzibati vəzifə tutan dövlət qulluqçuları, rəhbər vəzifəli şəxslər və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məsələlərinə aydınlıq gətirmiş, “Böyük Qayıdış” Dövlət Proqramından sonra Şuşaya qayıdış zamanı xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığın genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və dövlət qulluqçularının təcrübə mübadiləsinin təmin edilməsi istiqamətində görülmüş və nəzərdə tutulan işlərdən danışıb.
Tədbirin sonunda RİH başçısının müavini Vüsalə Fətəliyeva dövlət qulluqçularına müvafiq tapşırıq və tövsiyələrini verərək, gələcək fəaliyyətlərində uğurlar arzuladı.