Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov idarə, müəssisə rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdir
19 sentyabr 2022 | 14:47
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 19 sentyabr tarixində rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin, idarə, müəssisə rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdir. Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında keçirilən müşavirəni giriş sözü ilə açan Bayram Səfərov bildirdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsi nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanın döyüş meydanında əldə etdiyi Zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışan Bayram Səfərov şəhid ailələri və qazilərin daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Rayon rəhbəri bir daha müşavirə iştirakçılarının nəzərinə çatdırdı ki, yerli qurumlara müraciət edən şəhid ailələri, müharibə iştirakçıları və əlillərinin problemlərinə həssaslıqla yanaşılmalı, onlar dərhal qəbul edilməli, qaldırdıqları məsələlər operativ qaydada araşdırılaraq, qanunamüvafiq tədbir görülməlidir. 2022-ci ilin “Şuşa İli” elan edilməsinin xalqımız üçün çox əlamətdar hadisə olmaqla, həm də ölkəmizin uğurlarının daha da artacağını, xalqımızın inkişaf və intibahının sürətlənəcəyini qeyd edən Bayram Səfərov rayon üzrə mədəniyyət və təhsil sahələrinin rəhbərlərinə “Şuşa İli" çərçivəsində Şuşa şəhərinin 270 illiyini qeyd edilməsi üçün öz təkliflərini verməyi tapşırdı.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev , Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa üzrə nümayəndəsi Bayram Cəfərli, Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Rəsmiyyə Məmmədova, Şuşa Mərkəzi Rayon Xəstəxanasının direktoru Kəmalə Səfərova , Səfixanlar və Şırlan kənd İƏD üzrə nümayəndələr - Amil Əliyev və Namiq Hüseynov çıxış edərək 12 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı yenidən təxribata əl atan mənfur düşməni dəmir yumruğu ilə əzən igid əsgərlərimizə dəstək olmaq yerinə «müxalifətçiyəm» deyən, satqınçılığın bütün faktorlarını özündə birləşdirən, zabitlərimizin gücü ilə qazanılan qələbəni həzm edə bilməyən, xalqımıza qarşı düşmən mövqedə duran qüvvələrin yanında olduqlarını nümayiş etdirən sapı özümüzdən olan baltaları tənqid etdilər. Bildirildi ki, Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı, ordusu və birliyi ilə bütün sahələrdə istər döyüş meydanında, istərsə də İqtisadi - sosial, mədəni, eləcə də beynəlxalq aləmdə öz sözünü deyir, uğurlarını gündən - günə möhkəmləndirir. Xalqımız, ədalətin, işğal və işğaldan qurtulmağın nə demək olduğunu, dövləti necə qorumağı çox yaxşı bilir. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək həm xarici, həm də daxili düşmənlərimizi yox etmək qüdrətindədir.
Müşavirə zamanı rayon əhalisini narahat edən problemlər barədə məruzələr dinlənildi. Qaldırılmış məsələlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən idarə və müəssisə rəhbərlərinə lazimi göstərişlər verildi.