Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan” adlı bədii-musiqili tədbir keçirildi
08 noyabr 2024 | 17:24
Şanlı Zəfərimizin 4-cü ilinə həsr olunmuş, Bakı şəhəri, Yasamal rayonu, 336 nömrəli tam orta məktəbin həyətində keçirilən tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, tələbələr, şagirdlər iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan oğulların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş nitqi ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq bildirdi ki, 8 noyabr Zəfər günü - Azərbaycan xalqının tarixində, həyatında, hər günündə şanlı, şərəfli, ən əziz gündür. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, böyük diplomatiyası, sərkərdəliyi və şanlı ordumuzun şücaəti, mərd oğullarımızın qəhrəmanlığı ilə Vətənimizin ərazi bütövlüyü təmin edilmişdir. Bu qələbə dövlətçilik tariximizin ən parlaq zəfəridir. 200 ildən artıq erməni vəhşiliyinə, terroruna, işğalına son qoyulan günün tarixidir. Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi uğrunda həlak olan şəhidlərimizi, müharibə iştirakçılarımızı, qazilərimizi Azərbaycan xalqı, hər birimiz qəlbimizdə yaşatmağa borcluyuq. Azərbaycan dövlətinə və xalqına dəstək olan öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, dövlətlərə, təşkilatlara minnətdarıq. Hər bir vətəndaş, elini, obasını sevən şəxs, həmin günlərdəki həmrəyliyə, birliyə görə fəxr və qürur keçirmişdir. Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq.
Konsert proqramı ilə davam edən tədbirdə Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin xor kollektivinin “Ey vətən”, Şuşa şəhər Bülbülcan adına Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət ansamblının “Rahab rəngi”, Turşsu kənd Uşaq Musiqi Məktəbinin xanəndə müəllimi, IV muğam müsabiqəsinin diplomatı Murad Kəngərlinin “Turan ellərinə salam söyləyin”, Şuşa Humanitar Kollecinin müəllimi Nərmin Salahova və tələbələrinin “Saz havası-Misri”, Şuşa Humanitar Kollecinin müəllimi Seymur Abdullayev və tələbələrinin “Nağaralar qrupu”, Şuşa Humanitar Kollecinin saz müəllimi Məharət Şəfilinin “Şəşəngi” aşıq havası, Şuşa şəhər Mədəniyyət evinin bədii rəhbəri Orxan Mövlan və bəstəkar Saleh Nəzərovun “Şuşa Marşı”, Turşsu kənd Uşaq Musiqi Məktəbinin xanəndə müəllimi Qismət Osmanovun “Azərbaycanım”, Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin xanəndə müəllimi Tural Məhərrəmovun “Şuşa Fatehləri” ifaları təqdim olundu, Şuşa şəhər Mədəniyyət evinin “Buta rəqs qrupu”, un “İgid əsgər” flashmobu nümayiş edildi. Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə bayram təbrikləri göndərildi. Tədbirin sonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şuşa rayon komitəsi tərəfindən I Qarabağ və Vətən müharibəsi qazilərinə Fəxri Fərmanlar və hədiyyələr təqdim olundu, tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.