Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rəşid Behbudov Adına Dövlət Mahnı Teatrında “Şuşa ili”nə həsr edilmiş “Zəfər Dolu Azərbaycan” adlı konsert proqramı təqdim edilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022 –ci il tarixli sərəncamına əsasən 2022 –ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı respublikanın bütün rayonlarında Mədəniyyət Paytaxtımız Şuşanın tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənət nümunələrini özündə əks etdirən silsilə tədbirlər, konsert proqramları, dəyirmi masalar, konfrans və seminarlar keçirilməkdədir. Növbəti tədbirlərdən biri Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rəşid Behbudov Adına Dövlət Mahnı Teatrında “Şuşa ili”nə həsr edilmiş “Zəfər Dolu Azərbaycan” adlı konsertin təşkili olmuşdur. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Xilaskar Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Milli ordumuzun rəşadəti, qəhrəman vətən övladlarının qanı bahasına düşmən işğalından azad edilmiş Şuşamızın yenidən dirçəlişinə şahidlik etməyin hər bir azərbaycanlı üçün nə qədər qürurverici olduğunu bildirdi. Şuşada tədbirlərin keçirilməsi, bərpa-quruculuq işlərinin aparılmasına, azərbaycan tarixinə, mədəniyyətinə göstərdiyi diqqətə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən Bayram Səfərov “Şuşa ili” münasibətilə bütün azərbaycan xalqını təbrik etdi. Konsertdə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Əlibala Rzayevin bədii rəhbəri və dirijoru olduğu Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin müşaiəti ilə Xalq artisti Samir Cəfərov, Respublika Müsabiqələri laureatı Orxan Mövlan, Muğam telviziya müsabiqəsinin laureatı –xanəndə Günay İmamverdiyeva vətənpərvərlik ruhunda gözəl musiqi nümunələri ifa etdi. Azərbaycan Respublikasının əməkdar artisti Teymur Məmmədov zəfər dolu şerlər səsləndirdi.