Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Humanitar Kollecində “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirildi
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları, Şuşa Humanitar kollecinin direktor müavini Azər Səfixanlı, kollecin şöbə müdirləri, müəllim kollektivi və tələbələr iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Azər Səfixanlı Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb. Bildirib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Direktor ölkəmizdə, o cümlədən rəhbərlik etdiyi təhsil ocağında şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində hər bir şəhidin qəhrəmanlığının nümunə olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyindən, eləcə də əhəmiyyətindən bəhs edərək, Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının, müdafiə imkanlarının xeyli zəif olduğunu, Azərbaycan Ordusunun peşəkarlıqla həyata keçirdiyi əks-hücum nəticəsində onlara sarsıdıcı zərbələr vurduğunu və hazırda Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında 50-ci yeri tutduğunu, həmin günlərin Azərbaycan xalqının tarixində şanlı “Aprel döyüşləri” günü kimi yadda qaldığını bildiriblər. Aprel döyüşləri xalqın Prezidentimizin ətrafında sıx birliyinin ifadəsi, eləcə də milli ordumuzun zəfər yürüşüdür. Bu döyüşlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Aprel döyüşləri Ermənistanın işğalçılıq siyasətinin iflasa uğradığını göstərdi və Azərbaycan Ordusunun döyüş ruhunu ortaya qoydu. Bu qələbə 2020-ci ilin Vətən müharibəsi ilə tamamlandı və Azərbaycan öz torpaqlarını tam azad etdi.






