Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tanınmış tədqiqatçı, yazıçı – publisist Vasif Quliyevin “Şuşa qalası” broşürlər seriyasının təqdimatı keçirilib

11 iyun 2024 | 17:51
Şuşa şəhərinin tarixini və maddi-mənəvi dəyərlərini əhatə edən broşürlərin təqdimatına həsr olunmuş tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vüsalə Fətəliyeva, YAP Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri , idarə və müəssisə rəhbərləri, rayon ziyalıları iştirak edirdilər.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirdi ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz və igid oğullarımızın şücaəti nəticəsində xalqımız kimi, biz şuşalılar da Zəfər tariximizi yaşadıq. Artıq doğma, azad Şuşada bərpa – quruculuq işləri gedir, Dövlət Qayıdış Proqramına uyğun olaraq əhali doğma şəhərinə köçür. Şuşanın zəngin mədəni-tarixi irsinin təbliğinə yönəlmiş maarifləndirici “Şuşa qalası” broşürlərinin təqdimatını mühim hadisə kimi qiymətləndirən Vüsalə xanım geniş ensiklopedik təfəkkürə malik olan tədqiqatçı-jurnalistin yazdığı kitabların coğrafiyasını Şuşa və Qarabağın tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətlərinin əhatə etdiyini, onun ərsəyə gətirdiyi əsərlərin Şuşa mədəniyyətinə böyük töhfə olduğunu bildirdi.
Sonra Vasif Quliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu.
YAP Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Milli Qəhrəman Şirin Mirzəyevin həat yoldaşı Flora Qasımova, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, Qarabağ Regional Gənclər və idman idarəsinin Şuşa rayon sektorunun müdiri Nadir Bayramov, Şuşa Rayon Statistika İdarəsinin rəisi Anar Xəlilov, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin sədri Mədinə Abbasova və 122 saylı Xankəndi seçki dairəsinin sədri Ağalar Əliyev və digərləri çıxışlarında Şuşanın Azərbaycana bəxş etdiyi tarixi şəxsiyyətlər – alimlər, ədəbiyyat və sənət adamları, rəssamlar haqqında saysız-hesabsız maraqlı məqalələrin müəllifi, zəngin biliyə malik tədqiqatçı-jurnalist Vasif Quliyevin “Şuşa qalası” broşürlərinin günümüz üçün nə qədər aktual olduğunu, dəyərli yazıçımızın Şuşamıza bağlılığını xüsusi vurğuladılar. Vasif Quliyevin yaradıcılıq fəaliyyətindən ətraflı danışan natiqlər Qarabağda yetişmiş nadir tarixi şəxsiyyətlərin, ailələrin, nəsillərin, şəcərələrin, konkret tarixi hadisələrin, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi olduğunu və onun fəaliyyətinin yetişməkdə olan tədqiqatçı-jurnalistlər üçün bir örnək olduğunu diqqətə çatdırdılar.
Tədbirin sonunda Vasif Quliyev tədbir iştirakçılarına “Şuşa ensiklopediyası” üzərində işlədiyini, çox geniş tədqiqat işinin də reallaşdıracağını bildirdi və qonaqlara öz təşəkkürünü bildirdi. Tədbirin yekununda tədbir iştirakçılarına azərbaycan və ingilis dilində “Şuşa qalası” broşürlərı paylanıldı.
Keçidlər