Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin və Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının iştirakı ilə “27 sentyabr-Anım günü”nə həsr olunmuş tədbir keçirilmişdir
27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir
Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından artıq 6 il ötür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il sentyabr ayın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Vətən yolunda canlarından keçərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk edən igid oğullarımızın xatirəsi əziz tutulur. Hər il olduğu kimi, bu il də 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin və Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının iştirakı ilə “27 sentyabr-Anım günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Anım tədbiri Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.
Tədbirdə çıxış edənlər 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalq-ordu birliyi sayəsində möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını, 30 ildən çox işğal altında olan şəhər və kəndlərimizin azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsi, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılması müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulamışlar.
Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.






