Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə "Söhbət "Şuşa"dan gedir" sənədli filminin və Shushainfo.com saytının təqdimatı keçirildi

15 dekabr 2022 | 14:16
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşa ili” müsabiqəsi çərçivəsində "Şuşanın virtual təbliği" layihəsini həyata keçirib. Layihə çərçivəsində musiqişünas, araşdırmaçı alim Firidun Şuşinskinin “Şuşa” kitabı əsasında "Söhbət "Şuşa"dan gedir" sənədli filmi, “Bülbülün ev muzeyi” və “Duyğuların palitrası” adlı sənədli filmləri çəkilmiş, shushainfo.com saytı hazırlanmışdır. Saytda Şuşanın tarixi, mədəniyyəti (abidələr, musiqi, xalça, sənətkarlıq, ədəbiyyat, kulinariya, geyimlər), şəxsiyyətləri (tarixi şəxsiyyətlər, görkəmli insanlar, qəhrəmanlarımız, şəhidlər, gənclər), virtual muzeyi, virtual kitabxanası, iqtisadiyyatı, turizmi (təbiəti, otellər, istirahət mərkəzləri), foto qalereyası, Şuşa ilə bağlı videolar və sənədli filmlər öz əksini tapmışdır. Bundan başqa saytda müxtəlif istiqamətlərdə gündəlik xəbərlər verilmişdir.
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 15 dekabr 2022-ci il tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin "Şuşanın virtual təbliği" layihəsi çərçivəsində hazırlandığı sənədli filmlərin və shushainfo.com saytının təqdimat mərasimi keçirilmişdir.
Layihənin rəhbəri “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədi Anar Xəlilov, sənədli filmlərin rejissoru Vüqar Əlisoy, shushainfo.com saytının proqramçısı isə Xaqan Məhərrəmovdur.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şuşa və Binəqədi Rayon Təşkilatlarının, Qeyri-Hökumət Təşkilatlarının nümayəndəri, ictimai xadimlər və Şuşa rayonundan olan şəhid ailələri, qazilər , Şuşa sakinləri və KİV təmsilçiləri iştirak etmişdir.
Shushainfo.com saytının və "Söhbət "Şuşa"dan gedir" sənədli filminin təqdimatından sonra Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva, İctimai xadim Flora Qasımova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov və Yeni Azərbaycan Partiyasının Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev çıxış etmişlər, təqdimatla bağlı öz fikirlərini bildirmişlər. Təqdimat mərasimi “Duyğuların palitrası” adlı sənədli filminin təqdimatı ilə başa çatmışdır.
 
Keçidlər