Şuşa rayon musiqi məktəblərinin “Qurtuluş Günü” nə həsr olunan yekun hesabat konserti təşkil olunub
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Nümayəndəliyinin musiqi məktəblərinin 15 İyun Qurtuluş gününə həsr olunan yekun hesabat konserti baş tutub.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbirdə, öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Hesabat konsertində Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa üzrə baş məsləhətçisi Bayram Cəfərli və musiqi məktəblərinin direktorları iştirak ediblər.
Tədbirdə Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi məktəbinin xor kollektivi, “Şuşanın İnciləri” ansamblı, Quşçular kənd Uşaq Musiqi Məktəbinin Beynəlxalq Qranpri mükafatçısı, nağaralardan ibarət “Zəfər” Ritm qrupu, Şuşa rayon Mədəniyyət evinin “Buta” Rəqs qrupu, Bülbülcan adına Şuşa şəhər Uşaq Musiqi Məktəbi, Qaladərəsi, Turşsu, Xəlfəli kənd Uşaq Musiqi məktəblərinin və Niyazi adına Şuşa şəhər Uşaq İncənəsət Məktəbinin şagirdləri yerli və xarici bəstəkarların əsərləri o cümlədən xalq mahnıları ilə bir birindən maraqlı çıxışlar ediblər.
Konsert proqramının sonunda Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev konsert proqramında iştirak edən müəllim və şagird kollektivini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Tədbirin sonunda Şuşa Musiqi Məktəblərinin kollektivi ilə xatirə şəkili çəkilib.