Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Şuşa rayon qadınlarının konfransı keçirildi
03 oktyabr 2023 | 18:41
Oktyabr ayında keçiriləcək VI Azərbaycan Qadınlarının Qurultayı ərəfəsində Rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə 01-06 oktyabr tarixlərində Rayon Qadınlarının Konfransları keçirilir. 03 oktyabr 2023-cü il tarixdə, Şuşa Musiqili Dram Teatrının binasında Şuşa rayon qadınlarının konfransı keçirildi. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin, inzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin məsul işçiləri, təhsil, səhiyyə, mədəniyyət sahasində çalışan, rayonun ictimai – siyasi həyatında fəaliyyətləri ilə fərqlənən ziyalı qadınlar, şəhid və qazi ailələrinin üzvləri iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransda “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” adlı videoçarx nümayiş olundu. Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva Azərbaycan tarixində Azərbaycan qadının müstəsna rolunun daima mövcud olmasından, milli-mənəvi dəyərlərimizin inkişaf etməsində, eləcə də sürətlə inkişaf edən modern və dayanıqlı iqtisadiyyata malik olan ölkə kimi formalaşmasında qadınlarımızın rolundan danışdı, Azərbaycanda qadın siyasətinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirildiyini, dövlətimizin Azərbaycan qadınının potensialına, onun ictimai-siyasi həyatdakı fəaliyyətinə xüsusi diqqət ayırdığını bildirdi. Konfransın gündəliyində olan “Erkən nikahlar”,”Məişət zorakılığı”, “Gender bərabərliyi” mövzuları ətrafında Qarabağ Regional Təhsil İdarəsinin Şuşa Rayon üzrə Təhsil sektorunun müdiri Rəsmiyyə Məmmədova , Şuşa Rayon Məhkəməsinin böyük məsləhətçisi Arzu Ağayeva, Şuşa Şəhəri İƏD üzrə nümayəndəsi Nigar Eyvazova, YAP Şuşa Rayon Qadınlar Şurasının sədri Vəsilə Xəlilova, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülsarə Abbasova , “Uşaq Psixionevroloji Mərkəzi”nin direktoru Kəmalə Talıbova, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsul işçisi Kəmalə Cahidqızı çıxış edərək digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qadının cəmiyyətin həyatında rolunun yüksəldilməsinə ciddi fikir verildiyi, təhsilin, gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsini təmin edən ən qiymətli vasitələrdən biri olmasının getdikcə daha çox dərk edildiyi, bugünkü cəmiyyətin məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsulu olduğu, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladılar.
Sonra şəhid ailələrinin üzvləri çıxış edərək bildirdilər ki, Azərbaycan qadını tarix boyu hər zaman öndə olub, bu gün də öndədir. Azərbaycan qadını hər şeydən əvvəl 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında rol oynayan qəhrəman igidlərin anasıdır. Yurdumuzun hər qarışını canından əziz bilən nəsil yetişdirən analar oğullarını dualarla cəbhəyə göndərib, qələbə xəbəri ilə yollarını gözlədilər. Şəhid ailələrinin üzvləri onları göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Şuşa rayon idarə, müəssisələrində müxtəlif sahələrdə çalışan, rayonun ictimai -siyasi və mədəni həyatında öz nümunəvi işləri ilə fərqlənən qadınlar Şuşa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olundular.
Şuşa rayon Mədəniyyət işçilərinin ifasında vətənpərvərlik ruhunda musiqi nümunələri, rəqslər təqdim olundu.
Konfransın yekununda işçirakçılarla xatirə şəkli çəkdirildi.