Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbul - görüş keçirildi. Görüş zamanı Bayram Səfərov rayon əhalisinin problemlərini fərdi qaydada dinləmiş, operativ həlli üçün aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.
14 sentyabr 2023 | 16:12
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən də bunu tələb edir. Prezident vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, etik qaydalara əməl edilməsini, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təminini məmurlar qarşısında ən zəruri vəzifələr kimi müəyyənləşdirib.
Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Prezident öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşmalı olduqlarının vacibliyini örnək göstərir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq müəyyən edilmiş qrafikə əsasən respublikanın 58 rayonunda məskunlaşmış Şuşa rayon əhalisi ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir. 14.09.2023 -cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərovun Qəbələ rayonu, Zarağan kəndində məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək ölkə başçısının rəhbərliyi ilə aparılan daxili və xarici siyasət, sosial məsələlər, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı Şuşa şəhərində aparılan bərpa-quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərindən danışmışdır.
Görüş zamanı Bayram Səfərov rayon əhalisinin problemlərini fərdi qaydada dinləmiş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, araşdırılmasına ehtiyac olan bəzi məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.