Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərində heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə işləri aparıldı

12 yanvar 2024 | 15:29

Son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxması müəyyənləşdirilib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin “PVS aləti” vasitəsilə beş ballıq meyarla qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib və müasir dünya təcrübəsinə uyğun olaraq yüksək riskli ərazilərdə quduzluq xəstəliyinin yayılmasında əsas rol oynayan ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılmasının vacibliyi bildirilib. Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərində -Malıbəyli kənd sakinlərinin məskunlaşdığı “Ramana-450” qəsəbəsi, Quşçular kənd sakinlərinin məskunlaşdığı “Gilavar” sanatoriyasında, Mirzələr Qış yatağında Şuşa Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə işləri aparıldı. Əraziyə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaranacaq. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluq xəstəliyinə qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.

Keçidlər