Şuşa rayonundan olan bir qrup şəhid ailəsinin Şuşa şəhərinə səfəri təşkil olunub
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür. Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır
Şəhid ailələri Qarabağın, o cümlədən Şuşanın işğaldan azad olunması ilə ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının qisasının alındığını və ən böyük arzularının Qarabağı, Şuşanı ziyarət etmək olduğunu bildirirdilər. 28 may tarixində Şuşa rayonundan olan bir qrup şəhid ailəsinin Şuşa şəhərinə səfəri təşkil olunub. Səfər zamanı şəhid ailələri Mədəniyyət paytaxtımızı ziyarət etmiş, şəhid valideyinləri kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini və həmişə Prezidentimizin yanında olduqlarını bildirmişlər.