Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinin işğalı zamanı şəhid olanların əziz xatirəsi yad edilmişdir
11 fevral 2023 | 17:56
1992-ci il fevral ayının 11-də Ermənistan silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndini işğal etmişdir. Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərinin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçmiş, üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilmişdir. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilmişdir. İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilmiş, əsir götürülmüş, yüzlərlə sakin yaralanmışdır.
Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinin erməni separatçıları tərəfindən işğalı zamanı şəhid olanlarının xatirəsi 10.02.2023-cü il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Quşçular kənd Uşaq musiqi məktəbində yad edilmişdir. Tədbirdə İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Aparat işçiləri, Şuşa rayon İcra Hakimiyyəti başçısının Quşçular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sahib Musayev, Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa nümayəndəliyinin baş məsləhətçisi Bayram Cəfərov, şəhid ailələri, idarə və müəssisə rəhbərləri, ziyalılar, kənd sakinləri, məktəblilər iştirak ediblər. Tədbirdə Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin törətdiyi vəhşi əməllərin bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğu bir daha vurğulandı. 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Xalq-Prezident-Ordu birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu. Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi.