Şuşa rayonunun ümumtəhsil məktəblərində “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir
19 yanvar 2026 | 16:06
Bütün ümumi təhsil müəssisələrində olduğu kimi, Şuşa rayon məktəblərində də “20 Yanvar faciəsi”nə həsr olunmuş xüsusi "Anım dərsləri" keçirilmişdir. Bu dərslərdə şagirdlərə 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti, Azərbaycan xalqının azadlıq mübarizəsi və şəhidlərin qəhrəmanlığı haqqında məlumat verilmişdir. 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar keçirilən tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilmiş, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsl qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilmiş, "20 Yanvar” hadisələrinin Azərbaycanın müstəqillik yolunda mühüm dönüş nöqtəsi və milli oyanış günü olduğu vurğulanmışdır.
Hadisədən 36 il keçsə də, xalqımızın azadlıq naminə nümayiş etdirdiyi fədakarlıq gənc nəslə örnək kimi təqdim olunmuşdur.
Tədbirlər çərçivəsində məktəblilər şəhidlərin xatirəsini ehtiramla yad edərək, vətənpərvərlik mövzusunda hazırladıqları bədii kompozisiyaları təqdim etmişlər.






