Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “Məktəblilərin narkotik vasitələrindən qorunması yolları” mövzusunda tədbir keçirilmişdir
XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən müvafiq sənədlər qəbul edilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş konvensiya, sazişlərə qoşulmuşdur.
Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir.
Respublikamızın hər yerində olduğu kimi, Şuşa rayon yeniyetmə və gənclərini bəşəriyyətin “Ağ ölüm” adlandırdığı bu bəladan qorumaq məqsədilə hər il “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı” silsilə maarifləndirici tədbirlər həyata keçirilir.
2019-ci il noyabr ayının 30-da Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “Məktəblilərin narkotik vasitələrindən qorunması yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, rayonun təhsil və polis şöbələrinin əməkdaşları, məktəbin müəllim heyəti və VIII-XI sinif şagirdləri iştirak ediblər.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək qeyd etdi ki, narkotik maddələrin gənc
nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr "Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edirlər. Azərbaycanda da narkomaniya ilə bağlı problemlər daim ictimaiyyətin nəzarəti altında saxlanılır, mübarizə yolları axtarılır. Respublika Prezidenti İlham Əliyevin 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 - 2024-ci illər Dövlət Proqramı” uğurla icra olunur.
Şuşa rayon Polis şöbəsinin rəisi, polis polkovniki İlqar Rüstəmli, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa rayon Polis şöbəsinin narkomaniyaya qarşı qrupunun baş inspektoru, polis mayoru Rüstəm İbrahimov, Şuşa rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, baş leytenant Şöhlət Abbasov çıxış edərək rayonun idarə və təşkilatlarında, ilk növbədə orta təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsini qeyd ediblər. Yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Şuşa şəhər 1nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Gülnar Qurbanova narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurması barədə məlumat verib. G.Qurbanova narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının və bu cür maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb..
Tədbirdə gənclərə cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilib, onların təklifləri dinlənilərək sualları cavablandırılıb.