Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

14 may 2024 | 13:20

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Respublikanın müxtəlif rayonlarının ərazilərində yerləşən yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonu,"Qobu Park"yaşayış kompleksindən yola salınıb.

Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Onlar həmçinin torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq nümayiş etdirən Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər.

Bu mərhələdə Şuşa şəhərinə Bakı şəhərindən – 26 ailə (89 nəfər), Ağcabədi rayonundan – 2 ailə (8 nəfər), Bərdə rayonundan – 3 ailə (12 nəfər), Sumqayıt şəhərindən – 2 ailə (10 nəfər),  Zaqatala rayonundan – 1 ailə (5 nəfər), İsmayıllı rayonundan – 1 ailə (3 nəfər), Samux rayonundan – 2 ailə (6 nəfər), Ağdaş rayonundan – 1 ailə (3 nəfər) olmaqla ümumilikdə daha 38 ailə – 136 nəfər köçürülür.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülüb.

Keçidlər