Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilmişdir
10 may 2024 | 18:00
May ayının 10-da Şuşa Rayon İcra Hakimiyyətinin və YAP Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Heydər Əliyev dahi xilaskar və dövlət qurucusu” mövzusunda konfrans və bir sıra silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Şuşa Rayon Təşkilatının sədri, idarə və müəssisə rəhbərləri, ümumtəhsil məktəblərin direktorları və müəllimləri, YAP Şuşa rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri iştirak etmişdir.
Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev qonaqları salamlayaraq, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu haqqında ətraflı məlumat verib. O qeyd edib ki, xarizmatik liderə xas olan bütün xüsusiyyətlər Azərbaycanın dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biri olan, xalqı qarşısında misilsiz xidmətlər göstərən, bütün ictimai-siyasi fəaliyyətini doğma xalqının yüksəlişinə və tərəqqisinə, ana vətəninin çiçəklənməsinə və qüdrətlənməsinə həsr edən, bu yolda böyük qələbələr qazanan Ümummilli Lider Heydər Əliyevin uğur fenomenində özünü parlaq şəkildə təzahür edir. Azərbaycanda bu gün Ümummilli Liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsi qeyd etdiklərimizi bir daha təsdiq edir. Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf kursunu böyük bacarıqla davam etdirir. Bildirilib ki, bu gün ölkəmizin inkişaf edib, dünyada söz sahibinə çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
Daha sonra çıxış edən Şuşa Rayon Mərkəzi Xəstəxanasının direktoru Kəmalə Səfərova,Şuşa Rayon Təhsil Sektorunun müdiri Rəsmiyyə Məmmədova və “Müharibə, Əmək və Silahlı Qüvvələr “ veteranlar təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyev Ulu Öndərimizin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsindəki fəaliyyəti haqda geniş məlumat veriblər.
YAP Şuşa rayon təşkilatının 37 nömrəli ərazi partiya təşkilatının təşəbbüsü ilə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev – müasir Azərbaycan dövlətçiliyinin memarı” mövzusunda fotosərgi təşkil edilmişdir. Şuşa Dövlət Rəsm Qalereyasının rəhbəri Anar Cəbizadə qonaqlara Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri, respublikamızın ən taleyüklü məqamlarında göstərdiyi siyasi müdrikliyi, müasir müstəqil Azərbaycanın quruculuğu yolunda həyata keçirdiyi nəhəng işlər barədə fotoların müşayiəti ilə məlumat vermişdir. İştirakçılar görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən və simvolik olaraq 30 fotodan ibarət fotosərgi ilə tanış olmuşdur. Sərgidə nümayiş etdirilən fotolar qonaqlar tərəfindən maraqla qarşılanmışdır.