Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü illiyinə həsr olunmuş “Heydər Əliyev-Müstəqil Azərbaycan” adlı tədbir keçirilmişdir
07 may 2026 | 17:21
07 may 2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü illiyinə həsr olunmuş “Heydər Əliyev-Müstəqil Azərbaycan” adlı tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Polad Bülbüloğlu, İcra Hakimiyyətinin məsul işçiləri, şəhid ailələri, qazilər, idarə, müəssisə rəhbərləri, ziyalılar və tələbələr iştirak etmişdir.
Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Sonra Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ulu Öndərin xilaskarlıq missiyasından danışmış, bildirmişdir ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü zaman xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Dahi Rəhbərin sonsuz Vətən sevgisi, sarsılmaz siyasi qətiyyəti, titanik fəaliyyəti və güclü idarəçilik bacarığı sayəsində Azərbaycan real parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas olmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində əsaslı dönüş yaranmışdır. RİH başçısı qeyd etmişdir ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli müstəqilliyimizin qorunub saxlanılmasında və ölkəmizin hərtərəfli inkişaf yoluna çıxarılmasında müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyətin zəngin siyasi irsi bu gün də xalqımız üçün etibarlı yol xəritəsi kimi böyük əhəmiyyət daşıyır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində formalaşan güclü dövlətçilik ənənələri müasir Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir və gələcək nəsillərə örnək olaraq yaşayır.
Sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı, millət vəkili Polad Bülbüloğlu, YAP Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının Şuşa rayon filialının sədri Ağalar Əliyev Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələr üzrə gördüyü işlərdən danışmış, dünya miqyaslı dövlət xadiminin atdığı taleyüklü addımları minnətdarlıq hissi ilə xatırlamışlar. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyduğu xüsusi vurğulanmışdır.
Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Ulu öndərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmiş, Şuşa Humanitar Kollecin müəllimlərinin ifasında “Yaşa Azərbaycan”, “Qarabağ”, Bakı Mühəndislik Universitetinin baş müəllimi Rasim Həyatın ifasında “Sönməyən yol” musiqi nümunələri və Respublika Müsabiqələri laureatı Orxan Mövlan və Saleh Nəzərovun ifasında “Ulu Öndər torpağında” mahnısı təqdim olunmuşdur.






