Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

26 oktyabr 2023 | 15:08

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində 20 oktyabr - 20 noyabr tarixlərində Şuşa rayonunun ümumtəhsil məktəblərində uşaq hüquqları mövzusunda maarifləndirici tədbirlər, “dəyirmi masa”lar, dərslər, müsabiqə və sərgilər təşkil olunur. Belə tədbirlərdən biri də 26 oktyabr 2023-cü il tarixdə Şuşa rayon 6 nömrəli tam orta məktəbində keçirilib. Tədbirin təşkil olunmasının əsas məqsədi uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müəllimlər və uşaqlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırıblar. Uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə şagirdlərə ətraflı məlumat verililib. Qeyd edilib ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Şuşa Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları qeyd ediblər ki, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyada 2023-cü ildə yetkinlik yaşına çatmayanların baxımsızlığına, kimsəsizliyinə, hüquq pozuntuları törətməsinə imkan yaradan səbəb və hallar aşkar edilməmiş, belə halların baş verməsinin əvvəlcədən qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. 2023-cü il ərzində qızların erkən yaşda ailə qurması ilə bağlı onların psixologiyasında təsadüf edilən problemlər, tərbiyə metodları, sağlam həyat tərzi, pis vərdişlərdən uzaq olmaq barədə ümumtəhsil müəssisələrində tədbirlər təşkil edilmişdir. Həmçinin əhalimizin müvəqqəti məskunlaşdıqları ərazilərdə əhali ilə təşkil edilən görüşlərdə erkən yaşdan qızların nikaha cəlb olunmasının qarşısının alınması, yetkinlik yaşına çatmayanların asudə vaxtlarının səmərəli təşkili və onların təhsilə cəlb olunması ilə bağlı məsələlər mütəmadi olaraq müzakirə və təhlil edilmişdir.

Vətən müharibəsi və “8 noyabr - Zəfər günü” ilə bağlı Şuşa rayonunun bütün ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə Xankəndinin, Xocalının və bütün rayonlarımızın işğaldan azad edilməsində xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə haqqında bir sıra maarifləndirici söhbətlər aparılmışdır. Qarabağ müharibəsi zamanı erməni faşistlərinin azyaşlı soydaşlarımıza qarşı törətdikləri vəhşiliklər, onlara verilən işgəncələr diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən uşaqlar öz hüquqlarından, onlara yaradılan şəraitdən danışaraq, qalib ölkənin vətəndaşı olduqları üçün ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər