“Uşaq Hüquqları Aylığı” çərçivəsində "Uşaqların hüquqları" mövzusunda maarifləndirici dərslər, dəyirmi masalar, konfranslar, sərgi, müsabiqələr və silsilə tədbirlər keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da uşaqların xoşbəxt, sağlam və təhlükəsiz böyüməsi dövlətin əsas prioritetidir.
Şuşa rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində rayonun ümümtəhsil müəssisələrində “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda silsilə tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin, Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak etmişdir.
Tədbirlərdə iştirakçılara uşaq hüquqları haqqında geniş məlumat verilmiş, dövlət səviyyəsində onlara verilən hüquq və azadlıqlar ətraflı şərh edilərək, onlara göstərilən sosial, təhsil və tibbi xidmətlərin əhəmiyyətindən, habelə uşaqlara qarşı zorakılıq hallarından qorunmaları ilə bağlı maarifləndirici söhbətlər aparılmış, uşaq hüquqlarının qorunması istiqamətində görülməli işlərin vacibliyi bildirilmişdir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.






