“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilmişdir
1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nün qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayon sektorunun, Şuşa Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə Şuşa rayon 7 saylı tam orta məktəbdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayon sektorunun məsul işçiləri, məktəbin müəllim və şagird kollektivi, dərnək üzvləri, valideynlər iştirak edirdi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” adlı videoçarx şagirdlər tərəfindən maraqla izlənmişdir.
Şuşa rayon 7 saylı tam orta məktəbin direktoru Elçin Dadaşov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyümələri üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirildiyini qeyd edərək, bu baxımdan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara mütəmadi olaraq göstərdiyi diqqət və qayğının əvəzolunmaz olduğunu bildirmişdir. Çıxış edənlərin hər biri ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edərək, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulamışdır.
Tədbirdə dərnək üzvlərinin ifasında flashmob təqdim olunmuş, rayonun Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvlərinin iştirakı ilə maraqlı konsert proqramı təşkil olunmuşdur.