“Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər keçirilməsi” mövzusunda görüş keçirilmişdir
Şuşa Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirilir, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılır. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən məktəblərdə uşaqların davamiyyəti ilə maraqlanılır, jurnallara baxılır. Hər hansı uşağın uzun müddət dərsə gəlmədiyini aşkar olunduğu halda onun valideynləri ilə əlaqə yaradılır və şagirdin məktəbə gəlməsi təmin olunur. Eyni zamanda, həmin şagirdlərlə də təhsildən yayınma, erkən nikah, əməyə cəlb olunma ilə bağlı söhbətlər aparılır.
16 sentyabr 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində “Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər keçirilməsi” mövzusunda görüş keçirilmişdir.
Görüşdə çıxış edən Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri , Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Vüsalə Fətəliyeva Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Şuşa rayon məktəblərində uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə mütəmadi görüşlər həyata keçirilildiyini diqqətə çatdırdı. Vüsalə Fətəliyeva təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsinin, rayonun ümumtəhsil məktəblərində təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğuladı.
Görüşdə bildirildi ki, uşaqların təhsildən yayınması və baxımsızlığı əsasən miqrasiya ilə, ailənin sosial vəziyyəti və ailə büdcəsinin aşağı səviyyədə olması, valideynlər tərəfindən uşaqların məcburi əmək fəaliyyətinə sövq olunması, erkən yaşda nikaha məcbur edilməsi, bəzi uşaqların sağlamlıq imkanlarınının itirilməsi və sairə faktorlarla bağlıdır. Eyni zamanda, təhsildən yayınma hallarının qarşısının alınması və şagirdlərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə almasının əhəmiyyəti qeyd edildi.