“Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən Şuşa Rayon İcra Hakimiyyətində “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva Azərbaycanın regionda mütərəqqi siyasət reallaşdıran dövlətlərdən olmasını təsdiqləyən amillər sırasında dövlətimizin başçısı tərəfindən təsdiqlənmiş insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət planlarını xüsusi qeyd etdi. Bildirdi ki, həmin konseptual sənədlər əsasında geniş qanunvericilik bazası formalaşdırılıb. O cümlədən ölkəmiz Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında”, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” konvensiyalarına və digər beynəlxalq sənədlərə qoşulub. Bununla yanaşı, “İnsan alverinə qarşı mübarizə haqqında” qanun qəbul edilib, habelə Cinayət Məcəlləsinə insan alveri cinayətlərinə görə məsuliyyət yaradan dörd əlavə maddə daxil olunub. İnsan hüquqlarının etibarlı qorunması və insan alverləri qurbanlarının müdafiəsi milli qanunvericilik aktlarının özəyini təşkil edib, insan alveri əməlləri isə insan hüquqlarını kobud şəkildə pozan şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan ağır cinayət olaraq müəyyənləşdirilib.
Tədbirdə uşaqların baxımsızlığına şərait yaradan hallar, onların aradan qaldırılması, insan alveri qurbanı olan uşaqlara yardımın təkmilləşdirilməsi kimi məsələlər ətrafında müzakirələr aparıldı. Mövzunun aktuallığı, bununla bağlı məktəblərdə və xüsusilə ailə zorakılığına məruz qalan, valideynləri tərəfindən təhsildən yayındırılan şagirdlərlə və onların ailələri ilə aparılan işlərdən danışıldı.






