Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” ilə əlaqədar silsilə maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon sektorunun əməkdaşları, məktəblərin müəllim və şagird kollektivi iştirak etmişdir. Keçirilən tədbirlərdə mövzunun əhəmiyyətindən və uşaqlara mənəvi dəyərlərin aşılanmasından bəhs olunmuş, şəhid və qazilərimizin göstərdikləri şücaətin gənc nəsillərə aşılanmasının vacibliyi vurğulanmış, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin zəruriliyi bildirilmişdir. Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır.Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Vətən Müharibəsində gənclərimizin göstərdiyi igidliklər yeniyetmə nəslimizin tərbiyəsində böyük rol oynamışdır. Qeyd edilmişdir ki, Ümummmilli Liderimiz Heydər Əliyev öz siyasətində yeniyetmə və gənclərə daim qayğı göstərib. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən uşaqların himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu gün də bu ənənəni ölkə başçımız cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva uğurla davam etdirir.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşüblər.