Vətən müharibəsi şəhidi Həsənov Nurlan Nadir oğlunun əziz xatirəsi ehtiramla yad edildi
02 oktyabr 2022 | 15:18
02 oktyabr 2022 - ci il tarixində Şuşa şəhər sakini, tağım komandiri - leytenant Həsənov Nurlan Nadir oğlunun şəhadətə qovuşduğu gün şəhidin adına ehsan süfrəsi verildi, onun əziz xatirəsi ehtiramla yad edildi və ruhuna dualar oxundu. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Milli Məclisin üzvü Mahir Abbaszadə, YAP Şuşa və Binəqədi Rayon təşkilatlarının sədrləri Təvəkkül Əliyev və Vüsar İsmayılov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa üzrə nümayəndəsi Bayram Cəfərli, Şuşa rayonu üzrə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Binəqədi rayonu üzrə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Şuşa və Binəqədi Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, rayonun idarə və müəssisə rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, məktəb direktorları, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Mərasimdə çıxış edənlər şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq məhz Nurlan Həsənov kimi qəhrəman oğullarımızın göstərdiyi şücaətin 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun əldə etdiyi Qələbədə böyük mənəvi rolu olduğunu qeyd etdilər.
İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.
Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var.