Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn həmyerlimiz, leytenant Həsənov Nurlan Nadir oğlunun şəhadətə qovuşduğu gündən 5 il ötür
01 oktyabr 2025 | 16:22
Nurlan Nadir oğlu Həsənov minlərlə cəsur oğullarımız kimi 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qoşulub, sentyabrın 27-də Ermənistanın işğalı altında olan doğma ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə fəal iştirak edən Nurlan oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 2-də Bakı şəhərində, yaşadığı Biləcəri qəbristanlığında torpağa tapşırılıb. Nurlanın Nurgül adlı qızı və Məhəmməd adlı oğlu yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Həsənov Nurlan Nadir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Həsənov Nurlanın əziz xatirəsini Şuşa rayon əhalisi daim yad edir, şəhidimizin həyatı və döyüş yoluna həsr edilmiş tədbirlər keçirilir, onun ailəsi Şuşa Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən mütəmadi olaraq ziyarət olunur, ehsan verilir və ruhuna dualar oxunur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






