Vüsalə xanım Fətəliyevanın şəfqət, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətindən bəhs edən məqaləsi
“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxından dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan-bax budur bizim həyatımız. Ona görə də özgələrinin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki, sən də, dünyada yerin də yeganə və bənzərsizdir.”
Mehriban Əliyeva
26 avqust - Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın ad günüdür. Bu gün onun haqqında - qazandığı etibar, məhəbbət, ləyaqət, mərhəmət, xeyirxahlıq və vətənpərvərlikdən çox danışmaq olar. Azərbaycan xalqının və dövlətinin maraqları əsasında həm ölkə, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli, uğurlu fəaliyyət, xalqımızın və dünya irsinin qorunması, təbliği və inkişafı istiqamətində görülən işlər yüksək səviyyəsi ilə həmişə böyük ehtiramla qarşılanır. Cəmiyyətdə layiqli dövlət adamı kimi Şərqlə Qərbin sintezində ali dəyərlər həcmində möhtəşəm layihələrlə xalqını sevindirən Mehriban Əliyeva fəaliyyətində kimsəsiz uşaqlara, şəhid ailələri və qazilərə, xəstə insanlara, illərdir məcburi köçkün həyatı yaşayan insanlara zamanını və köməyini təmənnasız sərf edir. Azərbaycanın Birinci vitse - prezidenti təyin edildikdən sonra ilk müşavirəsini məhz məcburi köçkünlərin sosial qayğısına, onların problemlərinin həlli ilə bağlı məsələlərə həsr etməsi bir milyon insan tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmışdır. Konkret işlərdə böyük qayğı və diqqət hiss edən insanlar Mehriban xanım Əliyevaya böyük inam, məhəbbət bəsləyirlər. Mehriban xanımın dövlətin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizədə keçmişin, gələcəyin hər dönəmində tarixin səhifələrinə, görkəmli insanların, böyük şəxsiyyətlərin həyat fəaliyyətlərinə nəzər salınır, mütərəqqi ideyalar təbliğ olunur, yaddan çıxmış, unudulmuş tarixin üzə çıxarılması və qorunması yolunda rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı, möhtəşəm layihələr həyata keçirilir. Milli-bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı rolunu uğurla icra edən, qüdrətli ictimai təşkilat olan Fond Ümummilli lider Heydər Əliyev irsinin yeni nəslə öyrədilməsi, təbliğ olunmasında böyük nailiyyətləri ilə aparıcı rol oynayır. Qədim ənənələrimizlə bağlı multikultural dəyərlər, tolerantlıq Mehriban xanım Əliyevanın fəaliyyətində fədakarlıqla nümayiş olunur. Bu gün ictimai - siyasi həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Baxış bucağımızda Mehriban Əliyevanın mükəmməl obrazı artıq öz yerini tutub. Gördüyü işlərin həcmi olduqca müxtəlif məzmunlu, insan amili üçün zəruri, dövlətimiz üçün vacib şərtlərdir.
Mehriban xanım qalib ölkənin qalib sərkərdəsi, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ömür-gün, həyat yoldaşı olmaqla bərabər, onun məslək, qayə yoldaşı, həyat yolunu birlikdə addımlayan sədaqətli silahdaşıdır.
Mehriban xanım Qarabağ torpağının erməni işğalından azad olunması yolunda 44 günlük Qələbə soraqlı müharibə günlərində xalqımızla birlikdə hər günün Qələbə sevincini, hər həlak olan şəhidə kədərini bildirdi, qazilərə mərhəmətini, ana-bacılardan təsəllisini əsirgəmədi. “Sizin Mehriban” imzası ilə sosial şəbəkələrdə xalq ilə birlikdə müharibənin gedişini böyük həyəcan ilə izlədi, sakit, səmimi sözləri ilə məlhəm oldu itkisi olan ailələrə. Şuşa işğaldan azad edilən gün Ali Baş Komandan, Qalib Sərkərdə, Prezident cənab İlham Əliyevlə Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət etdi. 30 ildən sonra may ayında “Xarı Bülbül” musiqi festivalına rəhbərlik etdi, “Qarabağ Şikəstəsi”ni “Cıdır Düzü”ndə dinlədi. 2019 - cu ildə məcburi köçkünlərlə Heydər Əliyev Mərkəzində ad gününü keçirərkən “Ən böyük arzum “Qarabağ Şikəstəsi”ni Qarabağda dinləməkdir!” - söyləmişdir. Həmin ad günündə “Şuşanın qala divarları” adlı şuşalı bir rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi rəsm əsərini hədiyyə edərkən Mehriban xanıma ürəkdən arzu etdim ki, o gün olsun ki, Prezident İlham Əliyevlə bu qalalardan keçib Şuşada Qələbə bayramlarını qeyd edək. Bu gün, o gündür! Bu dünyada yeriniz isə yeganə və bənzərsizdir.
Məramı, sevgisi, qayğısı aydın Mehriban xanımın Mədəniyyət Mərkəzi, abidələr şəhəri Şuşa üçün böyük arzuları bir - bir həyata keçir. Bir ömür boyu həyatınızı xoşbəxtliklərlə və sağlıqlarla yaşayın. Sizi şuşalılar adından təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzu edirik.
Ad gününüz mübarək!
Vüsalə Fətəliyeva