Xalqımız bu aksiya ilə birliyini, vətənpərvərliyini bir daha nümayiş etdirdi
19 dekabr 2022 | 10:53
Vətən müharibəsindən sonra Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalı, sülh danışıqlarının getdiyi bir zamanda təxribatçı addımlar atmamalıdır. Vətən müharibəsində xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi. Ermənistandan fərqli olaraq Azərbaycanın ədalətli, məsuliyyətli, humanist siyasəti, hətta hərbi əməliyyatlar dövründə yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparılması, dinc əhalinin hədəfə götürülməməsi, ərazilərin boşaldılması üçün düşmənə vaxt verilməsi kimi humanist tədbirlərin həyata keçirilməsinə yönəldildi. Bu gün Ermənistan hökuməti və Rus sülhməramlıları qeyri-konstruktiv mövqeyləri ilə regionda yaranmış sülhü pozur, beynəlxalq hüquq normalarına zidd davranışlar sərgiləyirlər. Qeyri-hökumət təşkilatlarının fəallarının, gənclərin və ekoloqların iştirakı ilə mülki vətəndaşlarımızın Laçın-Şuşa yolunda keçirdiyi etiraz aksiyası ədalətsizliyin, beynəlxalq hüquq normaların pozulmasının yolverilməz olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Bu aksiya ilk növbədə onu göstərir ki, Azərbaycan cəmiyyəti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdəki təbii sərvətlərimizin talan olunmasına, məqsədyönlü şəkildə ekologiyamızın çirkləndirilməsinə heç vaxt biganə qalmayacaq. Rusiya sülhməramlılarının funksiyası Vətən müharibəsindəki reallıqlardan irəli gələrək Qarabağ iqtisadi rayonunda sülhü təşviq etmək, sabitliyi qorumaqdır. Lakin ötən iki ildən artıq dövrün mənzərəsi göstərir ki, bu ərazidə sülh və sabitlikdən söhbət belə gedə bilməz. Bu ilk növbədə özünü həmin ərazilərdə qanunsuz erməni silahlı dəstələrinin qalmasında özünü göstərir. Məlum olduğu kimi, 10 noyabr üçtərəfli Bəyanatına əsasən, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə baş verməli idi. Lakin təəssüflə qeyd etməliyik ki, qanunsuz erməni silahlı dəstələri hələ də ərazilərimizdədirlər. Məlum olduğu kimi, bu il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Azərbaycan nümayəndələrinə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması məqsədi ilə gələn işçi qrup üzvərini burada erməni millətindən olan vətəndaşlar qarşılayaraq onların əraziyə buraxılmasına mane olublar.
Məhz bu kimi hərəkərlərə cavab olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyaya başlayıblar və onların sayı günbəgün artır. Artıq neçə gündür ki, aksiya iştirakçıları gecəni tonqal ətrafında keçirirlər. Onlar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndirirlər.
Davam edən etiraz aksiyasının qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi olduğunu, Azərbaycanın əslində öz narahatlıqlarını dialoq yolu ilə həll etməyə çalışdığını aksiya iştirakçılarının səsləndirdiyi şüarlardan görmək olar. Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırmasına dair yayılan dezinformasiyalara münasibət bildirən azərbaycan tərəfi ərazilərdə qaz təchizatının Ermənistan tərəfindən həyata keçirildiyini və həmin ərazilərin ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmadığını bildirib. Vətənpərvər insanlarımızın iştirakı ilə keçirilən etiraz aksiyası ilə Vətən müharibəsi zamanı azərbaycan xalqının bir yumruq kimi birləşməsinə şahidlik edən bütün dünyaya növbəti mesajımızı verir, bu yolda nə qədər əzimli olduğumuzu, haqq- ədalətin, beynəlxalq hüququn qorunmasını tələb edirik.